Bakı İdman Sarayında budo döyüş növləri üzrə V dünya kuboku turnirinin açılışı olub
Bakı İdman Sarayında budo döyüş növləri üzrə V dünya kuboku turnirinin açılış mərasimi keçirilib.

Turnir Gənclər və İdman Nazirliyinin, Dünya Budo Döyüş Növləri Federasiyasının və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşəbbüsü ilə təşkil edilib.

Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyub Zəfər Gökbilən iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, ölkəmizdə irimiqyaslı turnirlərin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Dünya Budo Döyüş Növləri Federasiyasının vitse-prezidenti Faiq Rəfiyev ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı nəticəsində idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıb. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayan natiq respublikamızda idmanın digər növləri kimi, budonun da sürətlə inkişaf etdiyini söyləyib. O, budonun təbliği və kütləviləşməsi baxımından belə yarışların əhəmiyyətini vurğulayıb.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əhəd Əliyev Azərbaycanda idmanın inkişafının Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, məhz dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində respublikamızda idman sürətlə inkişaf edir.

Çıxışlardan sonra Azərbaycan Budo Döyüş Növləri Federasiyasının bir qrup məşqçisi Eyub Zəfər Gökbilən tərəfindən təltif edilib.

Açılış mərasimdən sonra yarışlara start verilib.
Turnirdə Azərbaycan, Pakistan, İraq, Əfqanıstan, İran, Gürcüstan, Özbəkistan, Türkiyə, Kipr, Rusiya, Banqladeş və Hindistandan 900-ə yaxın idmançı çıxış edir. Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontakt, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçirilir.

Xəbər 654 dəfə oxundu.