Tofiq Qarayevin şərəfinə atletika üzrə Respublika turnirinin açılış mərasimi olub
Dekabrın 7-də Respublika Olimpiya Mərkəzində SSRİ rekordçusu, Ümumittifaq dərəcəli hakim, professor Tofiq Qarayevin şərəfinə atletika üzrə XXIII ənənəvi Respublika turnirinin açılış mərasimi keçirilib.

Açılış mərasimi idmançıların paradı ilə başlayıb.

Daha sonra çıxış edən Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə idmançıları salamlayaraq bildirib ki, Tofiq Qarayevin şərəfinə həsr olunan yarış artıq 23-cü dəfədir keçirilir. Yarışın yeniyetmə atletlərin gələcəkdə beynəlxalq turnirlər üçün yetişməsində, təcrübə yığmasında mühüm rol oynadığını bildirən M.Sultanzadə iştirakçılara uğurlar arzulayıb.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Açılış mərasimdən sonra yarışlara start verilib. Turnirdə Bakı, Gəncə, İsmayıllı, Bərdə, Xızı və Sumqayıtdan yeniyetmələrdən ibarət 29 komanda birincilik uğrunda mübarizə aparır. Hər bir komandada bir qız və bir oğlan olmaqla 58 idmançı atletikanın 5 növü üzrə öz qüvvəsini sınayır.

Qeyd edək ki, yarış Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilir.


Xəbər 748 dəfə oxundu.