“IL’Azero”nun İndoneziyada təqdimatı olub
Azərbaycanın ilk idman geyimi brendi “IL’Azero”nun İndoneziyada təqdimatı olub.

Şirkət qadın voleybol komandaları arasında keçirilən İndoneziya Proliqasında çıxış edən “Jakarta Pertamina Energi” klubu üçün hazırladığı formaları ictimaiyyətə təqdim edib.

Formaları “Jakarta Pertamina Energi” klubuna baş məşqçi təyin olunan azərbaycanlı gənc və peşəkar mütəxəssis Ziya Rəcəbov, transfer olunan milli komandamızın kapitanı Odina Əliyeva, Ukrayna seçməsinin üzvü Anna Stepanyuk və İndoneziya yığmasının voleybolçuları nümayiş etdiriblər.

“IL’Azero” “Jakarta Pertamina Energi” komandası üçün formaları xüsusi zövqlə hazırlayıb. Formalar hazırlanarkən İndoneziya ornamentləri ilə yanaşı, milli naxışlarımızdan da istifadə olunub. Bu da “IL’Azero”nun Azərbaycanla bağlılığının göstəricisidir.

Şirkətin təsisçisi İlqar İmamquliyev bildirib ki, hazırladığımız formalar İndoneziyada böyük maraqla qarşılanıb. Avropada “IL’Azero”dan istifadə edənlər çoxdur. Sevindirici haldır ki, artıq biz əhatəmizi genişləndiririk. Azərbaycan brendinin Cənub-Şərqi Asiyada təqdimatı bizi yeni uğurlara həvəsləndirəcək.
“IL’Azero” Rusiya və Ukraynada voleybol klublarının, həmçinin ölkəmizdə və xaricdə titullu idmançıların seçimidir.

Xəbər 795 dəfə oxundu.