İdman gimnastlarımız Rusiyada yeddi medal qazanıblar
Rusiyanın Obninsk şəhərində idman gimnastikası üzrə Larisa Latinina adına beynəlxalq turnir keçirilib.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə ölkəmizi kişi idman gimnastikası üzrə yığmamızın üzvləri - böyüklər arasında Sərvər Əliyev, Ağamurad Qəhrəmanov, Cavidan Babayev, gənclər arasında Səməd Məmmədli, Mənsum Səfərov, Ramin Dəmirov və Rəsul Əhmədzadə təmsil ediblər.

Gimnastlar arasında ən yaxşı nəticəni S.Məmmədli göstərib. Belə ki, o, halqalar və turnikdə bütün rəqiblərini üstələyərək birinci olub. Dayaqlı tullanma alətində çıxışına görə təmsilçimiz üçüncü yerdə qərarlaşıb. Gənclər arasında çıxış edən daha bir gimnastımız R.Əhmədzadə sərbəst hərəkətlərdə üçüncü olub.
Böyüklərin yarışında ən yaxşı nəticəni C.Babayev nümayiş etdirib. O, halqalarda ikinci, sərbəst hərəkətlərdə isə üçüncü pillədə qərarlaşıb. S.Əliyev paralel qollarda çıxışına görə bürünc medal qazanıb.

Komanda hesabında gimnastlarımız üçüncü pillədə yer alıblar.

Xəbər 731 dəfə oxundu.