Sabirabadda Azərbaycanın ilk Olimpiya çempionu Nazim Hüseynovla görüş keçirilib
Sabirabad rayonundakı Heydər Əliyev mərkəzində “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində ölkəmizin ilk Olimpiya çempionu Nazim Hüseynovla görüş keçirilib. Tədbirin məqsədi gənclər arasında sağlam həyat tərzinin, hər bir yaş kateqoriyası üçün bədən tərbiyəsi və idmanın əhəmiyyətinin, Olimpiya prinsiplərinin, uşaq, yeniyetmə və gənclərin cəmiyyətə sağlam inteqrasiyasının təbliği olub.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev ölkəmizdə, o cümlədən rayonda həyata keçirilən gənclər siyasəti və idman sahələrində əldə olunan nailiyyətlər barədə danışıb, belə tədbirlərin önəmini vurğulayıblar.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Oruc Məmmədli çıxışında ölkəmizdə idman siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurları diqqətə çatdırıb. O, gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb, gəncləri zərərli vərdişlərlə mübarizə aparmağa çağırıb.

Sonra çıxış edən Milli Olimpiya Komitəsinin nümayəndəsi Nazir Rəhimov, “İdmançılar” İctimai Birliyinin baş katibi Fərhad Acalov ölkəmizdə idman sahəsində aparılan işlər barədə məlumat verib, olimpiya hərəkatı dəyərlərinin gənclər arasında təbliğində maarifləndirmə işinin vacibliyini vurğulayıb.

Layihə müəllifi, kinorejissor Arzu Qulamov çıxışında “İlk Qızıl” filminin çəkilişləri zamanı baş verən maraqlı anlarla bağlı xatirələrini bölüşüb, “Azərbaycanın Olimpiya Odisseyası”nın qəhrəmanları olan çempionlarımız haqqında filmlərin ərsəyə gəlməsində xidmətləri olanlara təşəkkürünü bildirib.

Sonra 1992-ci il Barselona Olimpiadasının cüdo yarışlarında qızıl medal qazanmış Nazim Hüseynovdan bəhs edən “İlk Qızıl” filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən Olimpiya çempionu Nazim Hüseynov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı üçün hər cür şərait yaradıldığını deyib. Bildirib ki, dövlətin yüksək diqqət və qayğısı nəticəsində idmanın bütün növləri sürətlə inkişaf edir. O, həmçinin idman həyatındakı maraqlı anları tamaşaçılarla bölüşüb. Nazim Hüseynov sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Xəbər 751 dəfə oxundu.