“Ferrari” Fettel və Leklerə öz aralarında mübarizə aparmağa icazə verəcək
“Ferrari” komandasının rəhbəri Mattia Binotto bildirib ki, Sebastyan Fettel və Şarl Lekler Formula 1 yarışlarının yeni mövsümündə öz aralarında da mübarizə apara bilərlər.

Mattia Binotto bununla bağlı deyib: “Mövsümü yenicə başa vurmuşuq, Avstraliya mərhələsinə hələ çox qalıb. İlin əvvəlində bizdə tamamilə başqa mənzərə - debütant və təcrübəli yürüşçü olub. Son yürüşlərə baxın, pilotlara öz aralarında mübarizə aparmaq imkanı verilirdi. Düşünürəm ki, yeni mövsümə məhz bu cür başlayacağıq. Şarl təkcə məni deyil, hamını təəccübləndirə bildi. O, sürətlidir və mövsümün gedişində yaranan təzyiqin öhdəsindən gəldi. O, yaxşı mübarizə aparır. Biz ondan çox razıyıq. Lekler əla mövsüm keçirdi. Yeddi poul, iki qələbə qazanmaq və özünün komandada ilk çıxış ilində şəxsi hesabda Sebastyandan əvvəl finişə çatmaq böyük uğurdur”.

AZƏRTAC

Xəbər 692 dəfə oxundu.