Bu gün çimərlik futbolu üzrə dünya çempionatının yarımfinal görüşləri keçiriləcək
Noyabrın 30-da Paraqvayda təşkil olunan çimərlik futbolu üzrə XX dünya çempionatının yarımfinal görüşləri oynanılacaq.

Çempionatın yarımfinalında İtaliya seçməsi Rusiya, Yaponiya yığması isə Portuqaliya milliləri ilə qarşılaşacaqlar.

Xatırladaq ki, noyabrın 28-də oynanılan dörddəbir final görüşlərində Rusiya millisi Braziliyanı (4:3), İtaliya seçməsi İsveçrəni (5:4), Yaponiya Uruqvayı (3:2), Portuqaliya isə Seneqalı (4:2) məğlubiyyətə uğradıb.

FIFA-nın təşkilatçılığı ilə keçirilən çempionatda 16 komanda 4 qrupda mübarizə aparıb. Ev sahibi Paraqvay komandası A qrupunda Yaponiya, İsveçrə və ABŞ seçmələri ilə yarışıb. Uruqvay, Meksika, İtaliya və Tahiti milliləri B, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Seneqal və Rusiya komandaları C qrupunda yer alıblar. Braziliya, Oman, Portuqaliya və Nigeriya yığmaları isə D qrupunda çıxış ediblər.

Çempionatda üçüncü yer uğrunda oyun və final matçı dekabrın 1-də keçiriləcək.

Oyunların idarə olunmasında azərbaycanlı FIFA referisi İnqilab Məmmədov da iştirak edib.

Çimərlik futbolu üzrə Azərbaycan seçməsi çempionatın iyulun 19-27-də Moskvada keçirilən təsnifat yarışlarında qrup mərhələsinin birinci dövrəsində qrupdan çıxa bilsə də, ikinci dövrədə sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, çimərlik futbolu üzrə dünya çempionatları 1995-ci ildən etibarən keçirilir. 2005-ci ildən FIFA-nın bayrağı altında keçirilən bu turnir 2009-cu ildən başlayaraq iki ildən bir təşkil olunur. İndiyədək bu turnirə Braziliya 13 dəfə, Fransa, BƏƏ, İtaliya, Taiti, Portuqaliya və Baham Adaları hərəsi bir dəfə ev sahibliyi edib. Növbəti çempionat 2021-ci ildə Rusiyada keçiriləcək.

Çimərlik futbolu üzrə ən çox çempionluq titulu bu turnirin sonuncu qalibi Braziliya seçməsinə məxsusdur. Braziliyalılar kuboku 14 dəfə başları üzərinə qaldırıblar. Portuqaliya və Rusiya iki, Fransa isə bir dəfə çempion olub.

Xəbər 706 dəfə oxundu.