İdmançılarımız Madriddə “Karate 1” Premyer Liqa turnirində iştirak edəcəklər
Böyüklərdən ibarət karate üzrə milli komandamız İspaniyanın paytaxtı Madriddə noyabrın 29-dan dekabrın 1-dək keçiriləcək “Karate 1” Premyer Liqa turnirində iştirak edəcək.

Azərbaycanı turnirdə 13 idmançı və kata komandamız təmsil edəcək. Belə ki, kumite üzrə kişilər arasında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Pənah Abdullayev, Turqut Həsənov (hər ikisi 84 kq), Asiman Qurbanlı, Şahin Atamov (hər ikisi 84 kq-dan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışında Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) çıxış edəcəklər. Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev (komanda) isə kata yarışlarına qatılacaqlar. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının cari mövsümdəki son mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.

Yarışda 89 ölkədən 737 karateçi yarışacaq və turnirin nəticələrinə əsasən idmançılar dünya reytinqi ilə yanaşı, Olimpiya reytinq xalları da qazanacaqlar.

Madrid mərhələsində, həmçinin ilin yekununa əsasən fərqlənən idmançılar “Grand Winners” mükafatına layiq görüləcəklər. Mükafatın təqdimatı isə 2020-ci il yanvarın 24-26-da Parisdə növbəti mövsümün ilk Premyer Liqa turnirində olacaq. “Grand Winners” mükafatına namizədlər arasında Azərbaycan karateçiləri Rafael Ağayevlə (75 kq) İrina Zaretska (68 kq) da var.

Xəbər 633 dəfə oxundu.