Marko “Honda”nın “Red Bull” ilə kontraktını şərh edib
“Red Bull” komandasının yürüş üzrə məsləhətçisi Helmut Marko “Honda” ilə əməkdaşlığın müddətinin uzadılması qərarını şərh edib.

2020-ci il mövsümü də daxil olmaqla uzadılması əvvəlcədən nəzərdə tutulan “Red Bull” və “Honda” arasında sazişin müddəti 2021-ci ilin sonunadək artırılıb. Markonun sözlərinə görə, yapon şirkəti 2021-ci il mövsümündən sonra motorların inkişafının qadağan ediləcəyini başa düşmək və buna uyğun olaraq xərclərini azaltmaq istəyir. “Biz artıq 2022-2023-cü illərdə “Honda” ilə əməkdaşlığa dair danışıqlar aparırıq. Onların nəticəsi xərcləri hansı səviyyədə azaltmağın mümkün olacağından asılıdır. FIA da artıq bunu anlamağa başlayır”, -deyə o əlavə edib.

“GrandPX.news” portalı Markonun sözlərini sitat gətirib: “2021-ci il mövsümündən sonra motorların inkişafını dondurmaq niyyəti ifadə olunub. Bunun sayəsində texnikanın inkişafı dayanacaq, xərclər kəskin şəkildə azalacaq. Bu, “Honda” şirkəti üçün çox vacibdir və bizim əməkdaşlığımızı davam etdirməyimizə imkan verəcək”.

Xəbər 675 dəfə oxundu.