“Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə birinciliyinin final mərhələsi başa çatıb
Noyabrın 21-də Ağsu şəhərində start götürən “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə birinciliyinin final mərhələsi başa çatıb.

Ağsu şahmat məktəbində 7 gün davam edən birinciliyin final mərhələsində 6 yaş qrupunda (6, 8, 10, 12, 14, 16 yaşadək oğlanlar və qızlar) 170 şahmatçı mübarizə aparıb. Final mərhələsində 5 zona üzrə hər yaş qrupunda 1-2-ci yerləri tutan şahmatçılar və final mərhələsinə birbaşa vəsiqə qazanan sonuncu respublika çempionatının, dünya, Avropa birinciliklərinin medalçıları iştirak edib.

Noyabrın 27-də I, II və III yerləri tutan 36 nəfər (18 nəfər qız, 18 nəfər oğlan) qalib şahmatçının mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, “Təhsil” Respublika İdman Mərkəzinin baş məşqçisi Raul Quliyev, 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-gənclər Şahmat idman məktəbinin Əməkdar məşqçisi, yarışın baş hakimi, FİDE arbiteri Rasim Əliyev, Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlisa İsayev çıxış ediblər.

Qalibləri təbrik edən çıxışçılar bu yarışların şahmatçıların oyun təcrübəsinin və beynəlxalq reytinqlərinin artırılması, idman-şahmat məktəblərində şahmat bölmələrinin fəaliyyətinin qiymətləndirilməsi və yaş qrupları üzrə Mərkəzin yığma komandalarının heyətinin müəyyənləşdirilməsində əhəmiyyətini vurğulayıb, yarışların təşkilinə yaradılan şərait üçün təşəkkürlərini bildiriblər.

Sonda qaliblər mükafatlandırılıb. I, II və III yerləri tutan 36 nəfərə diplom və medallar, hədiyyələr verilib.

Xəbər 690 dəfə oxundu.