Çimərlik futbolu üzrə dünya çempionatı: Portuqaliya seçməsi böyük hesablı qələbə qazanıb
Paraqvayda keçirilən çimərlik futbolu üzrə XX dünya çempionatının ikinci günündə - noyabrın 22-də daha dörd qarşılaşma oynanılıb.

C qrupunda yer alan Rusiya seçməsi Seneqalı (8:7), Belarus isə Birləşmiş Ərəb Əmirliklərini (5:1) məğlubiyyətə uğradıb. Çempionatın D qrupunun favoriti Portuqaliya komandası Nigeriya üzərində böyük hesablı qələbə qazanıb – 10:1. Qrupun digər oyununda sonuncu dünya çempionu Braziliya yığması Omana 8:2 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, çempionatın birinci günündə A qrupunda İsveçrə yığması ABŞ-ı (8:6), Yaponiya isə ev sahibi Paraqvayı (5:4) məğlubiyyətə uğradıb. B qrupunda isə İtaliya millisi Tahitini 12:4, Uruqvay isə Meksikanı 1:0 məğlub edib.

FIFA-nın təşkilatçılığı ilə keçirilən və dekabrın 1-dək davam edəcək çempionatda 16 komanda 4 qrupda mübarizə aparır.
Ev sahibi Paraqvay komandası A qrupunda Yaponiya, İsveçrə və ABŞ seçmələri ilə yarışacaq. Uruqvay, Meksika, İtaliya və Tahiti milliləri B, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Seneqal və Rusiya komandaları C qrupunda yer alıblar. Braziliya, Oman, Portuqaliya və Nigeriya yığmaları isə D qrupundadırlar.
Çempionatın qrup mərhələsinin görüşlərinə noyabrın 26-da yekun vurulacaq. Noyabrın 28-də dörddəbir, 30-da yarımfinal qarşılaşmaları keçiriləcək. Üçüncü yer uğrunda oyun və final matçı dekabrın 1-də təşkil olunacaq.

Oyunların idarə olunmasında azərbaycanlı FIFA referisi İnqilab Məmmədov da iştirak edəcək.

Çimərlik futbolu üzrə Azərbaycan seçməsi çempionatın iyulun 19-27-də Moskvada keçirilən təsnifat yarışlarında qrup mərhələsinin birinci dövrəsində qrupdan çıxa bilsə də, ikinci dövrədə sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, çimərlik futbolu üzrə ilk dünya çempionatı 1995-ci ildən etibarən keçirilir. 2005-ci ildən FIFA-nın bayrağı altında keçirilən bu turnir 2009-cu ildən başlayaraq iki ildən bir təşkil olunur. İndiyədək Braziliya bu turnirə 13 dəfə, Fransa, BƏƏ, İtaliya, Taiti, Portuqaliya və Baham adaları hərəsi bir dəfə ev sahibliyi edib. 2021-ci ildə çempionat Rusiyada keçiriləcək.
Çimərlik futbolu üzrə ən çox çempionluq titulu bu turnirin sonuncu qalibi Braziliya seçməsinə məxsusdur. Braziliyalılar kuboku 14 dəfə başları üzərinə qaldırıblar. Portuqaliya və Rusiya iki, Fransa isə bir dəfə çempion olub.

AZƏRTAC


Xəbər 711 dəfə oxundu.