Astarada budo döyüş növləri üzrə keçirilən açıq rayon birinciliyi başa çatıb
Astara Boks Mərkəzində uşaqlar, yeniyetmələr və gənclər arasında budo döyüş növləri üzrə keçirilən açıq rayon birinciliyi başa çatıb.

Milli Dirçəliş Günü münasibətilə Astara Rayon Gənclər və İdman İdarəsi və Astara Budo Döyüş Növləri Klubunun birgə təşkilatçılığı ilə keçirilən və üç gün davam edən yarışda Astara rayonundan beş, Masallı rayonundan iki və Bakı şəhərindən iki komandanı təmsil edən 80 idmançı qələbə uğrunda mübarizə aparıb.

Müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılara Astara Rayon Gənclər və İdman İdarəsinin və Astara Budo Döyüş Növləri Klubunun diplomları və medalları təqdim olunub.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, beynəlxalq dərəcəli hakimlər Fariz Mirzəyev, Qavamzadə Əlirza və Ramiq Məmmədov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan dövlətçiliyinin tarixi günlərinin qeyd edilməsinin gənclərin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən danışaraq idmançılara uğurlar arzulayıblar.

Xəbər 714 dəfə oxundu.