Karate-Do Akademiyası Milli Dirçəliş Günü münasibətilə turnir keçirib
Karate-Do Akademiyası (BKA) Milli Dirçəliş Günü münasibətilə layt-kontakt və full-kontakt versiyaları üzrə turnir keçirib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra yarışın açılış mərasimi başlayıb.

Tədbirdə çıxış edən Akademiyanın prezidenti, üçqat dünya çempionu Vüsal Abdullazadə Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya növlərinin də inkişaf etdiyini bildirən V.Abdullazadə idmançılarımızın beynəlxalq arenalarda böyük qələbələr qazandıqlarını vurğulayıb.

BKA-ın fəxri prezidenti Məmməd Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Gündüz Vəliyev çıxış edərək yeniyetmə və gənclərin hərtərəfli inkişafında bədən tərbiyəsi və idmanın əhəmiyyətini vurğulayıblar. Bu cür yarışların idmançıların öz təcrübələrini daha da artırmalarında böyük rol oynadığını bildirən natiqlər iştirakçılara uğurlar arzulayıblar.
Mərasimdə iştirak edən doqquzqat dünya rekordçusu Laçın Pəhləvanoğlu, istedadlı güləşçi Rəsul Çunayev və idman, media ictimaiyyətinin digər tanınmış nümayəndələrinə mükafatlar təqdim edilib.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib.
Turnirdə ölkəmizin rayon və şəhərlərindən 550-dən çox idmançı mübarizə aparıb.

Yarışın yekun nəticələrinə görə Karate-Do Akademiyasının yetirmələri birinci pillədə qərarlaşıblar. İkinci yeri “Zirvə” idman klubu tutub. Üçüncü yerə isə “Qarabağ” karate klubu layiq görülüb.

Xəbər 778 dəfə oxundu.