FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər
Noyabrın 19-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində Nazirliyin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.


FHN-dən Azsport.az saytına bildiriblər ki, görüşdə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev həmin idmançıları Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin xilasedicisi gizir Fərqanə Saxrayevanı, İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant Qadir Cəfərovu əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, 22-27 oktyabr tarixlərində Şimali Kiprin Girne şəhərində 11 ölkədən 250-dən çox idmançının iştirak etdiyi Döyüş Növləri Festivalı və kata üzrə Budo Dünya çempionatında Fərqanə Saxrayeva (+55 kq), Qadir Cəfərov isə (75 kq) çəki dərəcəsində çempion adını qazanıblar. Həmçinin, Fərqanə Saxrayeva 8-10 noyabr tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 40 ölkədən 400-dən çox idmançının iştirak etdiyi WFC döyüş növləri üzrə Dünya çempionatında gümüş medala layiq görülüb.

Xəbər 905 dəfə oxundu.