F1 Braziliya Qran-Prisinin podiumuna çempionatın tarixində ən gənc pilotlar qalxıb
“Mercedes” komandasının pilotu Luis Hemiltonun cərimələnməsi Formula 1 tarixində ən gənc podiumun formalaşmasına səbəb olub. Belə ki, Braziliya Qran-Prisinin yekunlarına görə fəxri kürsünün pillələrinə qalxan Maks Ferstappen, Pyer Qasli və Karlos Saynsın orta yaş həddi 23 il, 8 ay və 20 gün olub.

Bundan əvvəlki rekord 2008-ci il İtaliya Qran-Prisində qeydə alınıb. Həmin mərhələdə Sebastyan Fettel, Heykki Kovalaynen və Robert Kubitsanın orta yaş həddi 23 il, 11 ay və 16 gün olub. Beləliklə, həmin rekord üç ay müddətinə təzələnib.

Formula 1 tarixində üçüncü nəticə də 2019-cu ildə qeydə alınıb. Avstriya Qran-Prisində “Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappenin, Monte-Karlodan olan “Ferrari” yürüşçüsü Şarl Leklerin və “Mercedes”in finlandiyalı pilotu Valtteri Bottasın orta yaş həddi 24 il, 5 ay və 5 gün olub.

Xəbər 554 dəfə oxundu.