Azərbaycan Peşəkar Boks Federasiyası fəaliyyətini gücləndirir
Azərbaycan Peşəkar Boks Federasiyası (APBF) fəaliyyətinin gücləndirilməsi istiqamətində işləri davam etdirir. Belə ki, federasiyanın idarə heyətinin yığıncağında rəhbər vəzifələrə yeni təyinatlar təsdiqlənib.

Peşəkar Boks Federasiyasının birinci vitse-prezidenti Fərhad Acalov, xarici əlaqələr üzrə vitse-prezidenti Ziya Əliyev, baş katibi isə Orxan Muxtarov təyin ediliblər.

Federasiyanın birinci vitse-prezidenti təyin edilən F.Acalov 2000-ci ildə Azərbaycanın boks üzrə ilk dünya çempionu olub. Dünya çempionatının ən texnikalı boksçusu seçilən F.Acalov sonrakı illərdə “Baku Fight Lab” (əvvəlki adı ilə “Rabitə Boks Klubu”) boks klubunun icraçı direktoru olub. F.Acalov, həmçinin Azərbaycanın Əməkdar idman ustası və Əməkdar məşqçisidir. Onun rəhbərliyi ilə klubun boksçuları ölkəmizi dünya, Avropa və Olimpiya miqyaslı yarışlarda təmsil edərək ən yüksək nəticələr əldə ediblər.

APBF-in xarici əlaqələr üzrə vitse-prezident vəzifəsinə təyin edilən Z.Əliyev isə bir neçə dünya və Olimpiya çempionu olmuş boksçuların meneceridir. Komitənin baş katibi təyin edilən O.Muxtarov “Baku Fires” boks klubunda işləməyə başlayıb, daha sonra Bakıda keçirilmiş Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları zamanı boks yarışlarının keçirilməsinə rəhbərlik edib. Bu il Bakıda keçirilən Gənclər Olimpiya festivalının 5 idman növü üzrə rəhbəri olub.

Azərbaycan Peşəkar Boks Federasiyası ölkədə bu sahənin inkişafına cavabdehdir. Bir neçə ay öncə federasiyanın prezidenti vəzifəsinə seçilən A.Həsənov bu sahənin inkişafı istiqamətində müxtəlif işlərin həyata keçiriləcəyini bildirib. Federasiyanın yaxın gələcəkdə “WBA”, “WBC”, “IBF”, “WBO” və sair beynəlxalq peşəkar boks təşkilatları, xarici ölkələrin federasiyaları, reytinqləri və döyüş nəticələrini qeydiyyata alan “FIGHTFAX” və “BOXREC” ilə əməkdaşlığa başlaması nəzərdə tutulub.

Azərbaycanda peşəkar boks döyüşlərinin təşkil edilməsi federasiyanın əsas məqsədləri sırasındadır. Federasiya Azərbaycanlı peşəkar boksçuların beynəlxalq səviyyədə tanıtımını və onların arasından dünya səviyyəli ulduzların formalaşmasını hədəfləyir.

Peşəkar Boks Federasiyasının vəzifələrinə peşəkar boksçulara, menecerlərə, promouter və promouter şirkətlərinə, həmçinin hakimlərə müvafiq lisenziyaların verilməsi də daxildir. Yaradılan Peşəkar Boks Komissiyası peşəkar boksa aid məşqçi, həkim, katmen və digər şəxslərin xüsusi imtahanlardan keçməsini, promouter şirkəti ilə təşkil edilən döyüşlərin qaydalara uyğun aparılmasını təmin edən qurumdur.

AZƏRTAC

Xəbər 936 dəfə oxundu.