“Avro 2020”: Azərbaycan və Uels yığmalarının start heyətləri açıqlanıb
Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Uels milli komandaları qarşılaşacaqlar. Oyun saat 21:00-da “Bakcell Arena”da başlayacaq.

Bir qədər əvvəl komandaların start heyətləri açıqlanıb. Yığmamızın ilk on birliyində meydana Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev çıxacaqlar.

Uels millisinin start heyətində isə Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms yer alırlar.

Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.
Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.

Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.

Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.

Xəbər 754 dəfə oxundu.