Umberto Orta Dominqez: Olimpiadada 10-cu qızıl medalı Azərbaycanla əldə etmək istəyirəm
Noyabrın sonlarında Azərbaycan çempionatı olacaq. Yarışın nəticəsinə uyğun kollektiv formalaşdıracağıq. Qaliblər komandaya cəlb ediləcəklər. Bundan sonra onların hər birini yoxlayacağıq, fiziki durumunu nəzərdən keçirib, səviyyəsini daha yaxşı biləcəyik. Ardınca məşqləri davam etdirəcəyik. Əsas diqqət texniki və fiziki hazırlığa yönələcək.

Bu sözləri Azərbaycan Boks Federasiyasının saytına açıqlamasında kişi boksçulardan ibarət Azərbaycan yığmasında baş məşqçi fəaliyyətinə başlayan Umberto Orta Dominqez deyib. O, boksçularımız barədə danışıb: “Əvvəllər Bakıda olmuşam. Dünya çempionatı zamanı paytaxtınıza gəlmişdim. Yəni Azərbaycan haqda məlumatım var, insanlarınızın xarakterinə, qonaqpərvərliyinə bələdəm. Azərbaycan boksçularına gəldikdə, onlar barədə əvvəldən də çox şey bilirəm. Beynəlxalq arenada yüksək nailiyyətlər əldə edirlər. Kuba yığmasında çalışdığım zaman Azərbaycan boksçularından həmişə çəkinmişik və onlara rəqib olmaq istəmirdik. Üç il Rusiya millisində çalışmışam. Bu da Azərbaycan komandasını daha yaxşı tanımaq baxımından əhəmiyyətli rol oynayıb”.

Dominqez bildirib ki, əsas hədəfi ölkədə ən güclülərdən komanda formalaşdırmaq və qarşıdakı hər bir yarışda inamlı çıxış etməkdir. “Tokio-2020” Yay Olimpiya Oyunlarına maksimum sayda lisenziya qazanmağı planlaşdırdıqlarını vurğulayan məşqçi 6 vəsiqə əldə edəcəklərinə inam ifadə edib: “Məsuliyyətimizi bilirik. Çalışacağıq ki, maksimum sayda vəsiqə əldə edək. Amma 8 çəki dərəcəsindən 6-da lisenziya qazansaq, bu, çox gözəl olacaq. Hələlik əsas hədəfimiz budur”.

Kubalı mütəxəssis gələn il martın 13-23-də Londonda Avropa Olimpiya təsnifat turniri, mayın 13-24-də Parisdəki Dünya Olimpiya təsnifat turniri ilə bağlı hazırlıq planını da açıqlayıb: “Azərbaycan çempionatının yekununa əsasən bir araya gələcəyik. Əvvəlcə bir neçə milli komanda ilə birgə təlim-məşq toplanışımız olacaq. Yanvarda ölkə xaricinə çıxacağıq, hazırlığı orada davam etdirəcəyik. Fevralda dağlıq ərazidə məşq planlaşdırırıq. Martda ilk lisenziya turnirinə qatılacağıq. Burada qazanacağımız vəsiqələrin sayından asılı olaraq növbəti lisenziya turnirinə hazırlaşacağıq”.

Dünya birinciliklərində 80, Olimpiadalarda 9 qızıl medal qazanan 53 yaşlı məşqçi “Tokio-2020”də 10-cu çempionluğu əldə etmək istəyini də gizlətməyib: “Komandada motivasiya çox yüksəkdir. Buna əsasən deyə bilərəm ki, istəyimizə doğru inamla addımlayacağıq. Olimpiadada 10-cu qızıl medalı Azərbaycanla əldə etmək istəyirəm. İnanıram ki, bunu bacaracağıq”.

AZƏRTAC

Xəbər 662 dəfə oxundu.