Avropa kuboku: “Vüqar Həşimov” klubu İtaliya, “Odlar Yurdu” isə Sloveniya şahmatçıları ilə qarşılaşırlar
Noyabrın 14-də Monteneqroda şahmat üzrə klublararası Avropa kubokunun beşinci turunun oyunları keçirilir.

Növbəti turda “Vüqar Həşimov” klubu İtaliyanın “Obieivo Risarcimento Padova”, “Odlar Yurdu” isə Sloveniyanın “Maribor” yığması ilə qarşılaşır.

“Vüqar Həşimov” klubu ötən turların hamısını qələbə ilə başa vurub. Belə ki, klub Belçikanın “Fonteine” komandasına 5:1, Sloveniyanın “Maribor” yığmasına 4,5:1,5, Rusiyanın klubları “Primorsky District”ə 3,5:2,5, “Molodejka”ya isə 4:2 hesabı ilə qalib gəlib.

Digər komandamız “Odlar Yurdu”nun aktivində 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət var.

Dörd turun yekunlarına görə, “Vüqar Həşimov” klubu 8 xalla birinci pillədə qərarlaşıb. “Odlar Yurdu” komandası isə 4 xalla 6-cı yerdədir.

Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa “Vüqar Həşimov” klubunun heyətində, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova “Odlar Yurdu” komandasının heyətində mübarizə aparırlar.

Xəbər 600 dəfə oxundu.