Veteran futbolçular muxtar respublikadan xoş təəssüratlarla ayrılıblar
Naxçıvan Muxtar Respublika Stadionunda veteran futbolçulardan ibarət “Araz-Naxçıvan” və “Azərbaycan” komandaları arasında yoldaşlıq görüşü keçirilib. 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev deyib: “Uzun müddətdən sonra Naxçıvana səfər etmək, burada meydana çıxmaq gözəl hissdir. Bildiyiniz kimi, vaxtilə “Araz” komandasının da heyətində çıxış etmişəm. Ona görə də bu meydan mənə doğmadır. Bu gün keçmiş komandama qarşı meydana rəqib kimi çıxmışdım. Ancaq bu, veteran futbolçularımız arasında yoldaşlıq, dostluq görüşü idi. Oyun bu baxımdan da mühüm əhəmiyyət kəsb edirdi”.

Oqtay Abdullayev muxtar respublikanın qədim futbol ənənələrinin olduğunu, bu ənənələri inkişaf etdirdiyinə, veteranları daim diqqətdə saxladığına görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Qeyd edib ki, belə oyunlar nə qədər çox olarsa, bir o qədər yaxşıdır.

Veteran futbolçu Maşallah Əhmədov qədim Azərbaycan torpağında aparılan işlərin onu, sözün həqiqi mənasında, təəccübləndirdiyini bildirib. Maşallah Əhmədov qeyd edib ki, “Araz”da oynadığımız vaxtla müqayisədə Naxçıvan inanılmaz şəkildə dəyişib: “Naxçıvan mənim xatirəmdə həmişə gözəl anlarla yadda qalıb. Burada oynadığım vaxt azarkeşlərin bizə davranışı, insanların qonaqpərvərliyi haqqında hər zaman ürəkdolusu danışıram. Dekabr ayının 16-da mənim 60 illik yubileyimdir. Bununla bağlı sənədli film hazırlanır. Çox sevindirici haldır ki, məhz filmin böyük bir hissəsi Naxçıvanda çəkilir. Artıq bu oyundan öncə müəyyən kadrlar lentə alınıb və oyundakı bəzi kadrlar da filmə daxil ediləcək. Yoldaşlıq görüşünə gəlincə, mən ilk olaraq təşkilatçılara “çox sağ ol” demək istəyirəm. Çünki meydana çıxarkən bir anlıq da olsa, keçmiş günlərimizə qayıtdıq. Eyni zamanda, naxçıvanlı veteran futbolçuları, keçmiş komanda yoldaşlarımızı görmək xoş oldu”.

Veteran futbolçu Hüseyn Məhəmmədov xatirələrindən danışaraq deyib: “Qeyri-təvazökarlıq kimi çıxmasın, “Araz”ın heyətində ən böyük uğura imza atan futbolçu mən olmuşam. Müstəqillik illərində komandanın çempion olan heyətində yer almaq, doğrudan da, qürurvericidir. Digər tərəfdən, mənim oğlum da iki mövsüm öncə bu komandada ənənəni davam etdirərək çempion olub. Doğrudan da, Naxçıvan bizim döyünən ürəyimizdir. Son zamanlar burada futbolun inkişaf etməsi, insanların futbola marağının artması və kütləviliyin təmin edilməsi sevindirici haldır. Çünki Naxçıvandan hər zaman istedadlı, təcrübəli futbolçular çıxıb. Keçirilən oyun məni 7-8 il öncəyə apardı. Azarkeşlər qarşısında o zaman keçirdiyim hiss-həyəcanı yenidən yaşamaq mənə qürur verir. Bir daha bu oyunun təşkilatçılarına, bizi bura dəvət edənlərə minnətdarlığımı bildirirəm”.

Əməkdar idman xadimi, veteran futbolçu Rüstəm Rəhimov hazırda Naxçıvanda futbolçular üçün çox gözəl şərait yaradıldığını bildirib. Rüstəm Rəhimov qeyd edib ki, burada mütəmadi olaraq Azərbaycanın, eləcə də Naxçıvanın futbol federasiyaları tərəfindən seminarlar, məşqçi kursları təşkil edilir. Bu, idman siyasətinin düzgün aparılmasından və Naxçıvanda futbolun inkişafından xəbər verir. Biz veteran futbolçular istəyirik ki, təcrübəmizi gənclərə ötürək. Naxçıvanı gəzmək imkanımız da oldu. Bu diyarın qısa vaxt kəsiyində nə qədər inkişaf etdiyini gördük. Belə oyunların keçirilməsi yaxşı haldır. Həm veteranlar keçmiş komanda yoldaşları ilə görüşür, həm də azarkeşlərə nostalji hisslər yaşadır. Gələcəkdə belə tədbirlərin davam edəcəyinə, veteran futbolçuların meydanda yenidən üz-üzə gələcəyinə əminəm”.

AZƏRTAC

Xəbər 815 dəfə oxundu.