Del Boske Vilyanın əvəzini axtarır
Son qitə çempionu İspaniyanın sükançısı Visente Del Boskenin qarşısında əsas vəzifə zədəli David Vilyanın yerinə adam tapmaqdır. İlkin siyahıda əvvəlkitək Alvaro Neqredo, Roberto Soldado, Adrian Lopes və başıbəlalı Fernando Torresin adları var. Heyətdə hələ ki, İspaniya kubokunu yenicə qazanmış «Barselona»sının bir oyunçusu belə yoxdur. Məlumdur ki, onlar heyətdə əsas mövqeləri tutacaqlar. Hələliksə, Del Boskenin bu yerlərə namizədləri gözdən keçirmək imkanı var idi.

İdman.com.az saytının məlumatına görə, serblərlə matçın ilk yarısında ispanların hücum xətti heç də yaxşı təsir bağışlamırdı. Neqredo və Soldado Kahrimanın qapısında heç nə yarada bilmədilər. İkinci yarıda onların Adrian Lopes və David Sliva ilə əvəzlənməsi yararlı oldu. Ancaq qolları hücumçuların xidməti də adlandırmaq yersiz olardı. İlk qol serb müdafiəsinin boşluğu hesabına oldu və iki toxunuşla qapıçı meydançasına çatdırılan topa Lopes üçün sadəcə ayaq qoymaq qalırdı.

İkinci qol isə ümumiyyətlə, mübahisəli penaltinin bəhrəsi oldu. Hər şeyə səbəb sadəcə elə həmin Lopesin gözəl yıxılması oldu. İstənilən halda Lopes hər iki qola öz izini qoydu. Ancaq ispan futbolçular matçda Del Boske üçün hələ çox sual qoydular. Hər halda titulu qorumaq üstəyən bir yığmanın məşqçisi kimi.
Qeyd edək ki, pireneylilər Adrian Lopes və Kasorlanın sayəsində Serbiya millisini məğlub ediblər (2:0).


Xəbər 1188 dəfə oxundu.