WKF rəsmiləri Avropa çempionatı ilə bağlı Bakıda olublar
Dünya Karate Federasiyasının (WKF) Təşkilat komitəsinin sədri, həmçinin bir sıra komissiyaların üzvü Esteban Perez və təşkilatın rəsmisi Tatyana Drozdova, 25-29 mart tarixlərində Bakıda böyüklər arasında 55-ci və Para-Karate üzrə növbəti Avropa çempionatının keçirilməsi ilə bağlı bir neçə gün paytaxtımızda olublar.

Qonaqlar Azərbaycan Milli Karate Federasiyasında (AMKF) rəsmilər və yerli təşkilat komitəsinin üzvləri ilə görüşdə bir neçə ay sonra Bakıda olimpiya lisenziyalı yarışda 55-dək ölkədən 630-dək idmançının, həmçinin 40-a yaxın para-karateçinin iştirak edəcəyini bildiriblər. Milli Gimnastika Arenasında 5 gün ərzində 4 tatamidə keçiriləcək mötəbər yarışı 120-dək hakimin idarə edəcəyini söyləyən WKF rəsmiləri, mükafatçılara Tokio 2020 Olimpiadasına son lisenziya xalları qazanadıran turnir olacağını da nəzərə çatdırıblar.

Yığıncaqda yarışın cədvəli, texniki, tibbi, mühafizə, media və nəqliyyat məsələləri müzakirə olunub, açılış mərasimində milli ornamentlərə üstünlük verilməsi razılaşdırılıb. WKF-in nümayəndələri Avopra çempionatının rəsmi qonaqları üçün ayrılmış “Boulevard Hotel”-ə, Milli Gimnastika Arenasına və idmançılar üçün nəzərdə tutulan Atletlər kəndinə baxış keçiriblər.

E.Perez seçilən obyektlərin yüksək beynəlxalq standartlara cavab verdiyindən məmnun qaldıqlarını vurğulayaraq, qarşıdakı qitə çempionatının 1-ci “Avropa Oyunları” və 4-cü İslam Həmrəyliyi Oyunlarındakı kimi yüksək səviyyədə təşkil olunacağından əminliklərini qeyd edib: - “Azərbaycan hər zaman kütləvi idman tədbirlərinin öhdəsindən layiqincə gələn ölkədir. Elə bu səbəbdən biz 55-ci Avropa çempionatının keçirilməsinə namizəd şəhərlər arasında Bakının daha şanslı olduğunu əvvəlcədən bilirdik. Bu qitə çempionatı əvvəlkilərdən bir çox cəhətlərinə görə fərqlənir. 55-ci Avropa çempionatı dünya karatesinin tarixində ilk olimpiya təsnifat xalları qazandıran yarışdır, həmçinin olimpiya ilində keçirilir. Yarışda rekord sayda ölkələrin, onların müxtəlif sahədə təmsilçilərinin, hakimlərin, hətta digər qitələrdən rəsmi qonaqların və Beynəlxalq Olimpiya Komitəsi ilə Tokio 2020-nin Təşkilat komitəsinin nümayəndələrinin iştirak edəcəyini gözləyirik. Bakı şanslı şəhərdir ki, belə bir tarixi yarışı qəbul edir. Çempionatın yaddaqalan olması üçün rəsmi WKF də əlindən gələni əsirgəməyəcək”.

Dövlət dəstəyi sayəsində qarşıdakı nüfuzlu yarışın yüksək səviyyədə keçiriləcəyini bildirən AMKF prezidenti Yaşar Bəşirov, Avropa çempionatına hazırlıq işlərinin plan üzrə getdiyini söləyib: - “Qonaqların da qeyd etdiyi kimi dövlətimizin idman siyasətinin bir hissəsi olaraq, Azərbaycanda belə mötəbər turnirlərin təşkili artıq adi hal alıb. Nüfuzlu beynəlxalq təşkilatlar nəinki idman sahəsində, digər istiqamətlərdə kütləvi tədbirlərin təşkilini məmnuniyyətlə Azərbaycana həvalə edirlər. WKF rəsmiləri ilə birlikdə Avropa çempionatı ilə bağlı məsələləri aydınlaşdırdıq, lazım olan obyektlərdə olduq, danışıqlar apardıq. Ümidvaram ki, qonaqlar bu dəfə də yüksək fikirlə, təmsil olunduqları beynəlxalq təşkilata məruzə edəcəklər. Biz bu yarışa ciddi hazırlaşırıq, üztümüzə ikiqat məsuliyyət düşür. Həm qitə çempionatını Azərbaycanın adına layiq təşkil etməliyik, həm də Avropa medalları ilə birgə, Tokio olimpiadasına mümkün qədər çox lisenziya xalları qazanmalıyıq. Bu işlərdə dəstək verən ölkənin ali idman qurumlarına minnətdarlığımızı ifadə edir və bizə olan ümidlərin doğruldulması üçün səfərbər olacağımızı bildirirəm”.


Xəbər 737 dəfə oxundu.