“Avro 2020”nin fristaylerlər komandasının heyəti açıqlanıb
Azarkeşlərin “Növbə sənindir” yarışı vasitəsilə 12 ev sahibi şəhərin hər birindən iki nümayəndənin seçilməsi ilə “Avro 2020”nin fristaylerlər komandasının heyəti təsdiqlənib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, azarkeşlər Avropada ən orijinal və parlaq fristaylerləri tapmaq üçün təşkil olunan onlayn istedad yarışında sevimli fristayler futbolçularına səs veriblər. Yüzlərlə iştirakçı öz ölkələrini Avropa çempionatının 60 illik yubileyində təmsil etmək üçün bacarıqlarını əks etdirən videolar göndərib. Fristayl üzrə ingiltərəli keçmiş dünya çempionu Liv Kuk və norveçli keçmiş Avropa çempionu Tobias Beks bu videolar arasında seçim apararaq hər məkan üçün qısa siyahı hazırlayıblar. Azarkeşlər siyahıya daxil edilmiş videoları nəzərdən keçirərək hər bir ev sahibi ölkəni təmsil edəcək iki fristayleri seçməklə qalibləri müəyyənləşdiriblər. Həmin 24 fristayler turnirə hazırlıq və rəsmi kubok turu zamanı, eləcə də yarış müddətində, o cümlədən oyunlarda və azarkeş zonalarında “Avro 2020”nin rəsmi talismanı “Skillzy”nin ətrafında birləşəcəklər.

Səsverməyə görə, Bakıdan Kader Alimova və Nuqzar Kvirtiya seçiliblər. Amsterdamdan Laura Dekker və Cessi Marlet, Bilbaodan Paloma Mayo və Alexandro Portilya, Buxarestdən İoanna Andrea və Stefan Floresku, Budapeştdən Kitti Şas və Zoltan Liptak, Kopenhagendən Maymi Asgeri və Kristofer Bax, Dublindən Ella Stil və Sem Mədden, Qlazqodan Co Eşvort və Devid Menni, Londondan Aquska Mniç və Skott Penders, Münxendən Dana Embaxer və Samuel Ueller, Romadan Anastasiya Baaqlini və Antonio Kolella, Sankt-Peterburqdan isə Svetlana Kovalyova və İqor Oleynik məharətlərini nümayiş etdirəcəklər.

“İstedadlı fristaylerlərin sayı çox olduğuna görə qısa siyahıda kimin olmasına qərar vermək çox çətin idi. Artıq qaliblər seçilib. Mən hamı ilə görüşməyi və bu heyrətamiz təcrübəni onlarla bölüşməyi səbrsizliklə gözləyirəm. Şübhəsiz ki, qaliblər tarixdə ən həyəcanlı Avropa çempionatına məharət və rəng gətirəcəklər”, – deyə dəfələrlə Avropa çempionu olmuş 27 yaşlı Tobias Beks bildirib.

Fristayl üzrə dördqat dünya rekordçusu və UEFA-nın qadın futbolu üzrə səfiri olan 20 yaşlı Liv Kuk deyib: “On iki fərqli ölkədə yerli istedadlarla fristayl futbolu nümayiş etdirmək imkanı həm mənim üçün, həm də qaliblər üçün nadir fürsətdir. Bakı və ya Bilbao, Qlazqo və ya Romada oyuna getmələrindən asılı olmayaraq, azarkeşlər Avropanın ən yaxşı fristaylerlərini və küçə futbolçularını seyr edə biləcəklər. Bu, turnirə tamamilə yeni bir səviyyə gətirəcək”.

Xəbər 762 dəfə oxundu.