Şahmat üzrə iddiaçılar turniri gələn il Yekaterinburqda keçiriləcək
2020-ci ildə şahmat tacı uğrunda keçiriləcək yarışa vəsiqə verən iddiaçılar turnirinə ev sahibliyi edəcək ölkə müəyyənləşib.

8 şahmatçının mübarizə aparacağı turnir Rusiyanın Yekaterinburq şəhərində baş tutacaq. Yarış gələn il martın 15-dən aprelin 5-dək davam edəcək.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya kubokunun qalibi olmaqla turnirə vəsiqəni də təmin edib. Onunla yanaşı, amerikalı Fabiano Karuana, çinli şahmatçılar Van Xao və Dinq Liren də yarışda iştirak edəcəklər. İki idmançı Qran-Pri seriyasının yekunlarına əsasən, daha bir idmançı isə 2019-cu ildə ən yaxşı reytinq göstəricilərinə görə müəyyənləşəcək. Səkkizinci iştirakçı isə təşkilatçılar tərəfindən təyin ediləcək.

Turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.

Xəbər 689 dəfə oxundu.