Boyanka Kostova ağırlıqqaldırma üzrə Azərbaycan kubokunun qalibi olub
Noyabrın 9-da Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Azərbaycan kubokuna start verilib.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Azsport.az-a bildiriblər ki, körpücük üzərinə ilk olaraq qadın atletlər çıxıblar. Onlar arasında qaliblər mütləq çəkidə Sinkleyr cədvəli üzrə müəyyənləşib. Toplam 221 kiloqram (100+121) nəticə və 294,6 xalla Boyanka Kostova bütün rəqiblərini üstələyib. İkinci yeri toplam 152 kiloqram (70+82) nəticə və 233,4 xalla Mərziyyə Məhərrəmova, üçüncü yeri isə toplam 161 kiloqram (72+89) nəticə və 216,8 xalla Günel Vəliyeva tutublar.

Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının və mərkəzlərinin, uşaq gənclər idman məktəblərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıqlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Xəbər 1014 dəfə oxundu.