Bakıda aerobika gimnastikası üzrə FIG Akademiyasının məşqçilik kursları keçirilir
Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyasının ikinci dərəcəyə aid məşqçilik kursları keçirilir.

Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən ölkəmizdə bu növ üzrə ikinci dəfə təşkil olunan məşqçilik kurslarının açılış mərasimində ekspertlər, iştirakçılar və federasiya nümayəndələri iştirak ediblər.

Kursların rəhbəri, FIG Akademiyasının eksperti, beynəlxalq dərəcəli hakim və Avropa Gimnastika İttifaqının aerobika gimnastikası üzrə texniki komitəsinin üzvü Olqa Kiseloviçova iştirakçılara ümumi məlumat verib.

AGF-in baş katibi Nurlana Məmmədzadə ekspert və iştirakçıları salamlayaraq, bu kursların əhəmiyyətindən danışıb. Aerobika gimnastikasının Azərbaycanda 2013-cü ildən etibarən inkişaf etdirildiyini vurğulayan N.Məmmədzadə bildirib ki, ölkəmiz artıq bu növ üzrə beynəlxalq tədbirlərə ev sahibliyi edir: “Baxmayaraq ki, biz aerobika gimnastikasını son dövrlərdə inkişaf etdirməyə başlamışıq, ölkəmiz artıq 2019-cu ildə bu növ üzrə ilk dəfə olaraq Avropa çempionatını təşkil edib. 2020-ci ildə isə Azərbaycan aerobika gimnastikası üzrə Dünya Yaş Qrupu yarışları və dünya çempionatına ev sahibliyi edəcək”.
Daha sonra O.Kiseloviçova kurs iştirakçılarına antidopinqlə və imtahanlar haqqında məlumat verib.

Kurs Braziliyadan olan ekspert Katya Lemos və aerobika gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi, ekspert Marian Kolev tərəfindən keçirilir.

Noyabrın 1-dək davam edəcək kurslarda Azərbaycan, Argentina, İran, Meksika, Moldova və Ukraynadan 19 mütəxəssis iştirak edir. Nəzəri və təcrübi hissələrdən ibarət kurslar ingilis və rus dillərində aparılır.

Qeyd edək ki, ötən il Bakıda aerobika gimnastikası üzrə 1-ci dərəcəyə aid məşqçilik kursları təşkil olunmuşdu.

Xəbər 33 dəfə oxundu.