Azərbaycanın U-17 komandasının üzvləri Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər
AFFA-nın təşəbbüsü ilə ötən ilin sonundan etibarən keçirilən silsilə məşğələlərdə aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının üzvləri ilə mənəviyyat, mədəniyyət, yaradıcılıq, insanlar arasında münasibət qurmaq, cəmiyyətdə mövqe qazanmaq kimi mövzularda müzakirələr aparılır, müxtəlif mədəni tədbirlər təşkil olunur. Növbəti belə tədbir Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda keçirilən təlim-məşq toplanışında baş tutub.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, komanda üzvlərinin iştirakı ilə Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya təşkil olunub. Futbolçulara qoruq, qayaüstü rəsmlər və tarixi abidələrlə bağlı dolğun məlumat verilib.

Daha sonra tədbirin davamı olaraq Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvü Cahangir Səlimxanov gənc futbolçulara məşğələ keçib. Bu il ikinci dəfə təşkil olunan Nəsimi Festivalı haqda söhbət açıb. Həmin festivalın proqramının tərtib edilməsində və gerçəkləşməsində bilavasitə koordinator qismində əməyi olan qonaq video və fotolarla festivalın yaddaqalan maraqlı məqamlarını bölüşüb.

Xəbər 26 dəfə oxundu.