Azərbaycan çempionatının 11-ci turunun oyunlarına hakim təyinatları açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura noyabrın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” oyunu ilə start veriləcək. Saat 15:00-da başlayacaq görüşü Elçin Məsiyev idarə edəcək.

Həmin gün baş tutacaq “Keşlə”–“Neftçi” matçının baş hakimi Vüqar Həsənli olacaq. Saat 17:00-də start götürəcək görüş “ASCO Arena”da oynanılacaq.

Noyabrın 10-da “Bank Respublika Arena”da keçiriləcək “Sabah”–“Sumqayıt” oyununda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matç saat 16:30-da başlayacaq.

Tura həmin gün keçiriləcək “Qarabağ”-“Zirə” oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 19:00-da start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

On turdan sonra turnir cədvəlinə 26 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 18 xal olan “Neftçi” ikinci, 16 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Səbail” (11), “Sumqayıt” (11), “Zirə” (10), “Sabah” (10) və “Qəbələ” (6) yer alıblar.

Xəbər 24 dəfə oxundu.