Şəhriyar Məmmədyarov “Grand Chess Tour 2019” turnirində ilk partiyanı Vyetnam təmsilçisinə qarşı keçirəcək
Noyabrın 6-da Buxarestdə rapid və blits üzrə “Grand Chess Tour 2019” seriyasının növbəti mərhələsi start götürəcək. Turnirin birinci günündə rapid üzrə ilk üç turun partiyaları oynanılacaq.

Ölkəmizi nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov birinci görüşdə vyetnamlı Le Kyanq Liem ilə qarşılaşacaq. Təmsilçimiz sonrakı iki turda rusiyalı Vladislav Artemiyev və hindistanlı Vişvanatan Anand ilə görüşəcək.

Qeyd edək ki, noyabrın 6-8-də rapid, 9-10-da isə blitz turnirlərinin partiyaları oynanılacaq. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.

Xatırladaq ki, “Grand Chess Tour 2019”un birinci mərhələsi Fil Dişi Sahilinin paytaxtı Abican şəhərində keçirilib. Sonrakı yarışlar Zaqreb, Paris, Sent-Luisdə təşkil edilib. Turnirin növbəti mərhələsi isə bu ayın 20-dən 27-dək Kəlkətə şəhərində keçiriləcək. Final seriya isə noyabrın 30-dan dekabrın 10-dək Londonda təşkil ediləcək.

Xəbər 719 dəfə oxundu.