Ağdam Olimpiya İdman Kompleksində yarışlar təşkil olunub
Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində “İradənlə qalib gəl!” şüarı altında “Açıq qapı” günü keçirilib. Gənclər və İdman Nazirliyinin 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə təşkil etdiyi aksiyada məqsəd idmanın gənclər arasında təbliği, Olimpiya İdman komplekslərinin imkanlarının hər kəs üçün əlçatan olması, buradakı idman meydançaları, avadanlıq və şəraitdən gənclərin faydalanmasını təmin etməkdir.

Əvvəlcə Azərbaycanın dövlət himni oxunub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağdam Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Kazımov, Gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov çıxış edərək respublikamızda idmanın inkişafına göstərilən diqqət və qayğıdan, idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.

Aksiya çərçivəsində futbol, alpaqut, cüdo, sərbəst güləş, kyokşinkay karate, kikboksinq, yüngül atletika və sair yarışlar, əyləncəli idman oyunları təşkil edilib. Bu yarışlar Olimpiya İdman Kompleksində işləyən məşqçilər tərəfindən idarə olunub. Eyni zamanda, müxtəlif idman növləri üzrə ustad dərsləri, nümunəvi çıxışlar da keçirilib.

Xəbər 676 dəfə oxundu.