Şahmatçılarımız Avropa çempionatının səkkizinci turunda mübarizə aparırlar
Batumidə kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının səkkizinci turunun oyunları keçirilir.

Kişi şahmatçılarımız Ermənistan, qadın yığmamız Fransa komandaları ilə mübarizə aparırlar.

Ötən turda kişilərdən ibarət komandamız İsveçrə yığmasına 2,5:1,5 hesabla qalib gəlib, qadın şahmatçılarımız Gürcüstan komandası ilə heç-heçə ediblər.

Aktivində 10 xal olan qadın komandamız liderlər qrupunda mövqeyini qoruyub saxlayıb (3-cü yer). Kişi şahmatçılarımız isə turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıblar.

Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.

Qadın şahmatçılarımızın isə ən böyük uğuru 1992-ci ildə üçüncü yer olub.

Xəbər 681 dəfə oxundu.