İbrahimoviç karyerasını Avstraliyada davam etdirə bilər
“Qazeta.Ru” nəşrinin “Fiqaro” qəzetinə (Fransa) istinadən verdiyi məlumata görə, ABŞ-ın “Los-Anceles Qelaksi” futbol klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç Avstraliyanın “Pert Qlori” komandasına keçmək barədə təklif alıb.

Nəşrin məlumatına görə, İbrahimoviçin agenti Mino Rayola bu barədə danışıqlar aparılması faktını təsdiq edib. 38 yaşlı hücumçunun indiki klubla müqaviləsinin müddəti 2019-cu ilin sonunda başa çatır.

İbrahimoviç “Los-Anceles Qelaksi”yə 2018-ci ildə İngiltərənin “Mançester Yunayted” komandasından keçib. O, ABŞ klubunun heyətində keçirdiyi 58 oyunda 53 qol vurub və 15 uğurlu ötürmə edib. İsveçli futbolçu öz karyerası ərzində Niderlandın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter” və “Milan”, İspaniyanın “Barselona” və Fransanın “PSJ” komandalarının heyətində bu ölkələrin çempionatlarında, kubok və superkuboklarında qalib gəlib, həmçinin “Mançester Yunayted”in heyətində Avropa Liqasının qalibi olub.

“Pert Qlori” Avstraliya birinciliyində üç turdan sonra 5 xal toplayaraq yarış cədvəlində dördüncü yeri tutur.

AZƏRTAC

Xəbər 941 dəfə oxundu.