“Azercell”in dəstəyi ilə V Uşaq Paralimpiya Oyunları keçiriləcək
“Azercell Telekom” MMC və YUNİSEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə noyabrın 14-də Abşeron Olimpiya İdman Kompleksində V Uşaq Paralimpiya Oyunları keçiriləcək. Oyunlarda ölkəmizin müxtəlif bölgələrindən olan iştirakçılar 7 idman növündə yarışacaq. Yerli idmançılarla yanaşı, Gürcüstandan olan iştirakçılar da qalib gəlmək uğrunda mübarizə aparacaqlar. Ümumilikdə oyunlara 163 paralimpiyaçının qatılacağı gözlənilir.

Hər zaman sosial layihələrin təşəbbüskarı kimi tanınan “Azercell Telekom” MMC 2014-cü ildən etibarən Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyir. Bununla da şirkət sağlamlıq imkanları məhdud uşaqların və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına öz töhfəsini verir.

Qeyd edək ki, 2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitənin fəaliyyətinin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması, onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasının təmin edilməsidir.

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.

AZƏRTAC

Xəbər 890 dəfə oxundu.