Milli Paralimpiya Komitəsinin rəsmiləri “Sabis” beynəlxalq məktəbində olublar
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov və baş katibi Kamal Məmmədov “Sabis” beynəlxalq məktəbinin müəllim və şagirdləri ilə görüşüb.

Tədbirdə “Sabis” beynəlxalq məktəbinin direktoru Todd Flanaqan da iştirak edib.

Görüşdə K.Məmmədov öz nümunəsində paralimpiyaçıların həyat hekayəsindən danışıb. K.Məmmədov bu prosesdə əlilliyin dərk edilməsindən danışıb, əlil arabasından istifadə edəndən bəri bir sıra çətinliklərlə üzləşdiyini deyib. Zəngin iş təcrübəsinə və biliyinə baxmayaraq, iş tapmaqda çətinlik çəkdiyini deyən K.Məmmədov bildirib ki, özümü idman sahəsində sınadıqdan sonra uğurlar qazanmağa başladıq. Yalnız paralimpiya hərəkatına qoşulduqdan sonra həyatımda müsbət dəyişikliklər üzə çıxıb. İdman əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunması üçün ən uğurlu vasitədir.

AMPK-nın prezidenti İ.Rəhimov əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmasında idmanın rolundan danışıb. Bildirib ki, Azərbaycan kiçik ölkə olsa da, bizim 7 paralimpiya çempionumuz var. Onlardan ikisi ikiqat paralimpiya çempionudur. Bu cür göstəricilər dünyanın bir çox ölkələrində yoxdur. Sözsüz ki, 7 paralimpiya çempionuna malik olmaq Azərbaycan üçün uğurlu göstəricidir.

İ.Rəhimov “Sabis” beynəlxalq məktəbinin direktoru T.Flanaqana Azərbaycan Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş medal hədiyyə edib.

AZƏRTAC

Xəbər 884 dəfə oxundu.