“Tokio 2020” məşəlinin yandırılacağı tarix bəlli olub
Yaponiyanın paytaxtı Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi məşəlin marşrutunu açıqlayıb.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, yarışların rəmzi ənənəvi olaraq Yunanıstanda gələn il martın 12-də yandırılacaq. Bir həftə Yunanıstanda olacaq məşəl ayın 19-da Afinadakı “Panatinaikos” stadionunda asiyalılara ötürüləcək. Rəmz martın 20-də xüsusi təyyarə ilə Yaponiyaya yola salınacaq. Məşəl martın 20-25-də Miyaqi, İvate və Fukusimada olacaq. Bundan sonra 121 günlük məşəl gəzintisinə start veriləcək.

Üçqat Olimpiya qızıl medalçıları Tadahiro Nomura və Saori Yoshida “Tokio 2020” nümayəndələri ilə birlikdə Olimpiya alovunun Yunanıstandan Yaponiyaya çatdırılmasında iştirak edəcəklər. Onlar bu alovun ilk dəfə Yapon torpaqlarında görülməsində məsuliyyət daşıyacaqlar.

Qeyd edək ki, məşəlin gətirilməsi üçün yaponlar tərəfindən xüsusi sənət əsəri ilə hazırlanmış təyyarənin üzərində "Ümid yolumuzu işıqlandırır" sözləri və Olimpiya məşəli estafetinin səyahətinin təsviri əks olunub. Təyyarədə Olimpiya oyunlarının əsas simvolu olan Olimpiya halqaları ağ fonda göy, sarı, qara, yaşıl və qırmızı rənglərdən ibarət olan beş bir-birinə birləşdirilmiş halqa da əks olunub.

Xəbər 850 dəfə oxundu.