"Tokio-2020"də kişi və qadın marafon yarışları eyni gündə keçirilə bilər
Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası gələn il Tokioda baş tutacaq Olimpiya oyunları zamanı təşkil olunacaq kişi və qadın marafon yarışlarını eyni gündə keçirməyi planlaşdırır.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya Atletika Federasiyası məlumat yayıb. Təşkilat Komitəsi marafon yarışlarını gecə saat 3-ə və ya səhər 5-ə təyin etmək istəyir. Səbəb kimi bu saatlarda havanın daha sərin olması göstərilib. Olimpiya Stadionundan start veriləcək marafon paytaxt Tokionun mərkəzi küçələrini, görməli yerlərini - İmperator sarayını, Zodzodzi məbədini, eləcə də Nixonbaşi körpüsünü əhatə edəcək.

Marafon yarışlarının keçirilmə vaxtına gəlincə, Tokio təşkilat komitəsi ilə Beynəlxalq Olimpiya Komitəsi (İOC) Koordinasiya Komissiyasının arasında baş tutan iclasında iki təklif irəli sürülüb. Birinci təklifə əsasən, avqustun 7-də kişilər və qadınların 20 km, avqustun 8-9-da kişilər və qadınların 50 km yürüşü nəzərdə tutulub. İkinci təklifə görə qaçışın 27-30 iyul tarixlərində keçirilməsi düşünülür.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi "Tokio-2020" Olimpiya Oyunları zamanı marafon yarışlarını Yaponiyanın şimal hissəsi olan Sapporoya köçürməyi planlaşdırır. Çünki bu şəhərdə gün ərzində havanın temperaturu Tokio ilə müqayisədə 5-6 dərəcə aşağıdır.


.

Xəbər 782 dəfə oxundu.