Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasında ölkəmizdə anti-dopinq sahəsində görülən işlərdən danışılıb
UNESKO-nun Parisdəki mənzil-qərargahında təşkilatın Baş Konfransının 2005-ci il oktyabrın 19-da keçirilmiş 33-cü sessiyasında qəbul edilmiş “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasının (COP7) açılışı olub.

Yeddinci sessiyanın Bürosuna seçkilərdən sonra müzakirələr başlayıb.

Müzakirələrdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov ölkəmizdə anti-dopinq sahəsində həyata keçirilmiş tədbirlərdən söz açıb. Bildirib ki, son illər anti-dopinq dünyası dəyişib və inkişaf edir. Dəyişikliklər anti-dopinqin bütün sahələrini, xüsusən son islahatlarda nəzərə alınan yeni idarəetmə mexanizmləri, habelə mövcud qayda və standartlarda aparılmış düzəlişləri əhatə edir. Aparılmış islahatlar müstəqillik məsələlərini birinci yerə qoyur və bu, tamamilə ədalətlidir.

Nazir vurğulayıb ki, anti-dopinq dünyasının müstəqilliyi və hər hansı potensial maraqların toqquşmaması sistemin şəffaflığı üçün olduqca vacibdir. Bu gün getdikcə daha çox ölkə dopinq əleyhinə əməliyyat və maliyyə müstəqilliyi şəklində muxtariyyət verməyə çalışır. Bu spesifik sahə müəyyən şəkildə tənzimlənə və əlaqələndirilə bilər. Ölkəmizdə məhz belə etdik. Azərbaycanda ayrıca müstəqil qurum – Azərbaycan Milli Anti-Dopinq Agentliyini (AMADA) yaratdıq. UNESKO Konvensiyasına istinad edərək AMADA və idman orqanlarının rol və vəzifələrini müəyyən edən, habelə məcəllə və beynəlxalq standartlara uyğun tənzimləyən konkret qanun təsdiq edilib.

“Hökumət nümayəndələri kimi anti-dopinq proqramlarını dəstəkləməliyik. Birbaşa anti-dopinq funksiyalarını həyata keçirən orqanların hüquqi statusunu daha da təkmilləşdirməyə, onların əməliyyat və maliyyə müstəqilliyinə, habelə anti-dopinq proqramlarının maneəsiz tətbiqinə nail olmağa çalışmalıyıq”, - deyə A.Rəhimov diqqətə çatdırıb.

Nazir deyib ki, bu sahədə uğur əldə etmək üçün güclü hüquqi baza və bütün maraqlı qurumların fəaliyyətinin düzgün əlaqələndirilməsi vacibdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi, eləcə də konstruktiv dialoq aparmaq, məcəllə və beynəlxalq standartların praktiki tətbiqini intensiv şəkildə inkişaf etdirmək lazımdır.

Əməliyyat qaydalarının əhəmiyyətinə toxunan nazir işçi qrupun fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd edib.

Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasında ölkəmizin UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, AMADA-nın rəhbəri Şəfəq Hüseynli, Gənclər və İdman Nazirliyinin sektor müdiri Məryəm Qafarzadə və UNESKO yanında daimi nümayəndəliyimizin III katibi Nigar Qurbanova iştirak ediblər.

AZƏRTAC

Xəbər 714 dəfə oxundu.