Tokio Olimpiya Oyunlarında triatlon və qadın futbolu yarışları da başqa şəhərdə keçirilə bilər
Tokionun qızmar yayı 2020-ci ildə keçiriləcək Olimpiya Oyunları zamanı marafon və idman yerişi ilə yanaşı daha bir neçə idman növünün də Yaponiyanın şimalında yerləşən Sapporo şəhərində keçirilməsinə səbəb ola bilər. Bu barədə çərşənbə günü Kyodo agentliyi xəbər yayıb.

Qeyd olunub ki, hazırda Yaponiya paytaxtı administrasiyasının qubernator Yuriko Koikenin başçılıq etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Olimpiya Komitəsinin əlaqələndirmə komissiyasının rəhbəri Con Kotus arasında bu məsələyə dair danışıqlar aparılır. Agentliyə məlumat verən mənbənin bildirdiyinə görə, BOK danışıqlarda Tokioda qızmar havalarla bağlı ciddi narahatlığını ifadə edib və paytaxtın hakimiyyət orqanlarına yarışların bir çoxunun keçirilməsi vaxtını dəyişməyi təklif edib. Qeyd olunur ki, bu tövsiyə xüsusən triatlon, açıq suda üzmə, qadın futbolu və atçılıq idman növlərinə aiddir. Bildirilir ki, əgər yarışların vaxtını dəyişmək mümkün olmasa, onda hakimiyyət orqanları onların başqa yerdə keçirilməsi variantına baxmalı olacaqlar.

BOK bundan əvvəl marafon və idman yerişi yarışlarının ölkənin şimalındakı Sapporo şəhərində keçirilməsini təklif edib. Bu təşəbbüs Tokionun hakimiyyət orqanları tərəfindən müsbət qarşılanmayıb. “Tokio-2020” təşkilat komitəsinin sədri Yosiro Mori artıq bəyan edib ki, paytaxtın hakimiyyət orqanları BOK-un bu təklifi ilə razılaşmalı olacaqlar.

Həyata keçirilən ölçmələrə əsasən, 3 il ərzində iyulun sonundan avqustun əvvəlinədək Tokioda havanın hərarəti 30 dərəcəni sabit şəkildə keçib. Bu, 1964-cü ildə Tokioda Olimpiadanın keçirildiyi ildəki göstəricilərdən xeyli yüksəkdir. Lakin o zaman yarışlar oktyabrın əvvəlində keçirilmişdi. İdmançılar və tamaşaçılar üçün əsl sınaq olan marafon və uzun məsafəyə idman yerişi daha çox təhlükə yaradır.

Qeyd edək ki, XXXII Yay Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək. Yarışların təşkilinə təqribən 2 trilyon yen (17,8 milyard dollar) sərf ediləcəyi təxmin olunur.

AZƏRTAC

Xəbər 696 dəfə oxundu.