Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsinin yarışlarına start verilib
Məktəblər arasında şahmat, atletika, voleybol, basketbol və stolüstü tennis üzrə respublika çempionatının rayondaxili mərhələsinin yarışları başlanıb.

Ölkə üzrə 2515 ümumi təhsil müəssisəsinin qatıldığı rayondaxili mərhələdə 50 mindən çox məktəbli iştirak edir. Yarışlarda basketbol idman növü üzrə 1436, voleybol üzrə 1415, atletika üzrə 2338, şahmat üzrə 996 və stolüstü tennis üzrə 778 məktəbdən idmançılar qatılıblar. Çempionatın rayondaxili mərhələsi noyabrın 21-dək yekunlaşacaq.

Yekun nəticələrə görə, hər idman növü üzrə birinci yeri tutan məktəb komandası zona mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, 2019-2020-ci tədris ili ərzində keçiriləcək yarışda təhsil müəssisələrinin şagirdləri şahmat (II-IV siniflər), atletika (V-VII siniflər), voleybol (qızlar, VII-IX siniflər), basketbol (oğlanlar, IX-X siniflər) və stolüstü tennis (oğlanlar, IX-X siniflər) idman növləri üzrə qüvvələrini sınayırlar.

Çempionatın məktəbdaxili mərhələsində 2515 ümumi təhsil müəssisəsindən 200 mindən çox şagird mübarizəyə qoşulub.

Məktəblər arasında respublika çempionatı Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə əsasən təşkil olunur.

Çempionatın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir. Eyni zamanda, çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyin təmin olunması, yüksək nailiyyət və uğurların qazanılması da əsas məqsədlərdəndir.

Şahmat, voleybol və atletika növləri üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır. Stolüstü tennis və basketbol üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir.

Xəbər 829 dəfə oxundu.