Bakı Karate-do Akademiyası layt-kontakt və full-kontakt üzrə şəhərlərarası açıq çempionat keçirib
Hövsan Olimpiya İdman Kompleksində Bakı Karate-do Akademiyasının (BKA) təşkil etdiyi layt-kontakt və full-kontakt versiyaları üzrə şəhərlərarası beşinci açıq çempionat keçirilib.

Çempionatın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BKA-nın prezidenti Vüsal Abdullazadə ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açıb. Respublikamızda döyüş növlərinin, xüsusilə karatenin inkişaf etdiyini bildirən V.Abdullazadə bu idman növü üzrə son dövrlər böyük nailiyyətlərin əldə edildiyini bildirib. O deyib ki, Bakı Karate-do Akademiyası da bu inkişafa töhfə verməyə çalışır.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Gündüz Vəliyev çıxışında ölkəmizdə idmanın inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib. O qeyd edib ki, respublikamızda güclü idman infrastrukturunun yaradılması nəticəsində idman uğurları ildən-ilə artır.

Çempionatda 350-dən çox idmançı qüvvəsini sınayıb. Yarışda yüksək nəticə göstərən idmançılar təltif ediliblər.

Bakı Şəhər Prokurorluğunun şöbə prokuroru, ədliyyə müşaviri Məmməd Əliyev Bakı Karate-do Akademiyasının fəxri prezidenti seçilib.

Xəbər 744 dəfə oxundu.