Həmyerlilərimiz “Murmansk payızı” festivalında xüsusi mükafata layiq görülüblər
Rusiya Federasiyasının qəhrəman şəhəri Murmanskda yunan-Roma güləşi üzrə şəhər gününə həsr olunmuş “Murmansk payızı” XXI uşaq festivalı təşkil olunub. 106 iştirakçını bir yerə toplayan yarışlar Həmkarlar İttifaqının mərkəzi stadionunun idman sarayında keçirilib. Murmansklılara təkcə vilayət şəhərlərindən deyil, həm də Kolomna (Moskva vilayəti) və Norveçdən (Tana, Mehamn) yeniyetmə güləşçilər qonaq gəliblər.

Turniri Murmansk və Monçeqorsk mitropoliti Mitrofan ziyarət edib.

Murmansk vilayəti “Azərbaycan” Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, turnirin yekunlarına görə, komanda hesabında birinci yeri Murmansk şəhərinin 13 nömrəli olimpiya ehtiyatı idman məktəbinin güləşçiləri tutublar. İkinci yerdə Snejnoqorsk idmançıları, üçüncü yerdə isə Kolomna komandası qərarlaşıb.

Hakimlər kollegiyasının qərarı ilə həmyerlilərimiz Ramazan Əlimərdanov (Naximov hərbi-dəniz məktəbi, Murmansk, 2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasında, 32 kq çəki dərəcəsində), Əli-Əshəb İdrisov (13 nömrəli olimpiya ehtiyatlı idman məktəbi, Murmansk, 52 kq çəki dərəcəsində), Kərim Əlibəyov (Severomorsk, 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında, 52 kq çəki dərəcəsində) qaliblər və mükafatçılar sırasında olublar.

Dmitri Udaltsov (13 nömrəli olimpiya ehtiyatlı idman məktəbi) “Qələbə əzmi”, Murmansk olimpiya ehtiyatlı idman məktəbinin yetirməsi Maksim Xoteşov “Ən yaxşı texnika”ya görə mükafata layiq görülüblər. Ən yaxşı güləşçi Kolomnadan Maksim Ufimtsev seçilib.

Xəbər 720 dəfə oxundu.