Göygöldə Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş karate turniri keçirilib
Oktyabrın 26-da Gənclər və İdman Nazirliyi, ASİHARA Karate Federasiyasının birgə təskilaçtılığı və Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında karate turniri keçirilib.

Göygöl Olimpiya İdman Kompleksində keçirilən turnirə Bakı və Gəncə şəhərlərini, Göygöl, Yevlax və Kəlbəcər rayonlarını təmsil edən idmançılar qatılıblar.

Turnirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavinləri Kəmalə İbrahimova, Elşən Məmmədov, Beynəlxalq ASİHARA Karate Federasiyasının prezidenti David M.Conkers, Türkiyə ASİHARA Karate Federasiyasının prezidenti Uğur Baran, federasiyanın Azərbaycan üzrə prezidenti Maarif Bağırov, eləcə də idmansevərlər iştirak ediblər.

Əvvəlcə Dövlət himni səslənib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Turnirdə giriş sözü ilə çıxış edən Beynəlxalq ASİHARA Karate Federasiyasının prezidenti David M.Conkers Azərbaycanda idmanın bu növünə yeniyetmə gənclərin marağını yüksək qiymətləndirib.

Türkiyə ASİHARA Karate Federasiyasının prezidenti Uğur Baran çıxışında Azərbaycan şəhidlərinin xatirəsinə hörmət və ehtiramını ifadə edib.

Azərbaycan ASİHARA Karate Federasiyasının prezidenti, Əməkdar idman xadimi Maarif Bağırov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın gənclər-idman siyasətindən danışıb. M.Bağırov Prezident İlham Əliyevin qayğısı nəticəsində son illərdə ölkəmizdə idmanın ayrı-ayrı sahələrinin inkişaf etdiyini, respublikamızın bütün bölgələrində müasir idman infrastrukturunun qurulduğunu, ölkəmizdə keçirilən yerli və beynəlxalq tədbirlərdə idmançılarımızın uğurla iştirak etdiyini diqqətə çatdırıb. O, ölkəmizdə idmanın ayrı-ayrı sahələrinin, xüsusən də ASİHARA karate növünün yeniyetmə və gənclər arasında məşhurlaşdığını, bunun gələcək nəslin sağlam və vətənpərvər ruhda formalaşması üçün zəruri olduğunu vurğulayıb.

Göygöl Rayon İcra Hakimiyyətinin müavini Kəmalə İbrahimova çıxışında belə turnirlərin rayonda təşkil edilməsinin rayon gəncləri arasında idmanın bu növünə marağın artırılması baxımından düzgün təbliğat vasitəsi olduğunu deyib.

Sonra ayrı-ayrı yaş qruplarından olan 120 idmançı arasındakı yarışlara start verilib.
Sonda qaliblərə kubok, medal və fəxri fərman təqdim edilib.

Xəbər 750 dəfə oxundu.