Formula 1-in top-komandaları yeni texniki reqlamentin tətbiqini 2022-ci ilədək təxirə salmaq istəyirlər
Ötən həftə Formula 1 rəhbərliyi dünya çempionatının yeni texniki, idman və maliyyə reqlamentinin qəbul edilməsinə həsr edilmiş növbəti görüş keçirib. Yeni reqlamenti 2021-ci ildə tətbiq etmək nəzərdə tutulub. Lakin top-komandaların bu məsələyə dair yeni təklifi var. Görüşdə aparıcı Formula 1 kollektivləri yeni reqlamentə keçidi 2022-ci ilə qədər təxirə salmağı, lakin büdcələrə limiti 2021-ci il mövsümündən tətbiq etmək planlarını saxlamağı təklif ediblər.

Komandaların başçılarının fikrincə, vaxtın bu şəkildə uzadılması yeni reqlamentin hələ təkmilləşdirilməmiş və yetərincə inkişaf etdirilməmiş qaydalarını dəqiqləşdirməyə kömək edərdi. Bundan əlavə, hamı öz maşınlarını büdcələrə qoyulan limit çərçivəsində yeni qaydalara uyğun şəkildə hazırlamağa başlayardı.

“Red Bull”un başçısı Kristian Horner deyib: “2021-ci ilin büdcəsinə məhdudiyyət qoyaraq, 2022-ci ilin reqlamentinin inkişafına və dəqiqləşdirilməsinə daha çox vaxt ayıra bilsəydik, daha yaxşı olardı. 2020-ci ildə büdcəyə limit qoyulmasına gəldikdə isə bu barədə razılığa gəlmək mümkün deyil. Bütövlükdə limit ağlabatan fikirdir, lakin 2020-ci ildə indiki reqlamentlə keçid dövrü bu mövsümü çox bahalı edəcək. Zənnimcə, bunu daha nəzarət edilən prosedura çevirmək imkanı əldən verilib”.

”Mersedes”in başçısı Toto Volf, habelə “Reysinq Poynt”un rəhbəri Otmar Zafnauer həmkarlarının fikrini dəstəkləyiblər. Amma “Maklaren”in başçısı Andreas Zaydl qeyd edib ki, təklif edilmiş qaydalar onun xoşuna gəlir və o, sadəcə həmin qaydaların 2019-cu il oktyabrın 31-nə qədər təsdiq olunmasını gözləyir.

AZƏRTAC

Xəbər 691 dəfə oxundu.