Azərbaycanın və Yaponiyanın Paralimpiya komitələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) Almaniyanın Bonn şəhərində keçirilən Baş Assambleyasında iştirak edir.

Səfərin dördüncü günündə İ.Rəhimov BPK-nın İcraiyyə Komitəsinin üzvü, Yaponiya Paralimpiya Komitəsinin (YPK) prezidenti Yasuşi Yamavaki ilə görüşüb. Görüşdə “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına hazırlıq və hər iki ölkənin milli paralimpiya komitələri arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

İ.Rəhimov, həmçinin Beynəlxalq Boccia İdman Federasiyasının prezidenti Devid Hedfild ilə də görüşüb. Görüşdə Azərbaycanda boccia idman növünün inkişafı ilə bağlı əməkdaşlığın daha da genişləndirilməsi barədə müzakirələr aparılıb. 2021-ci ildə Bakıda boccia üzrə açıq regional çempionatın keçirilməsi üçün ilkin razılığa gəlinib.

AMPK-nın prezidentinin BP şirkətinin Paralimpiya tərəfdaşlıq əlaqələndiricisi Seve Kiriacou ilə görüşündə komitə ilə şirkət arasında tərəfdaşlıq çərçivəsində görülmüş işlər yüksək qiymətləndirilib və nəzərdə tutulan layihələr barədə müzakirələr aparılıb. S.Kiriacou AMPK-nın fəaliyyətini yüksək qiymətləndirərək tərəfdaşlıqdan məmnunluğunu vurğulayıb.


AZƏRTAC

Xəbər 905 dəfə oxundu.