Biləsuvarda gənclər arasında veloyürüş təşkil olunub
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə Biləsuvarda “Sağlam gənclik” layihəsinə start verilib. Layihənin keçirilməsində əsas məqsəd gənclərin sağlam həyat tərzinə cəlb olunmasını təmin etmək, ekoloji sağlam həyatın inkişafına dəstək verməkdir.

Gənclərin veloyürüşü ilə başlayan layihədə 400-dən çox gənc iştirak edib. Biləsuvar Rayonu Gənclərin Karyera və İnkişaf Mərkəzinin qarşısından start verilən yürüşdə velosipedçilər 10 kilometr məsafə qət ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondu və AzVİF-in rəhbərliyi də iştirak edib. Çıxış edənlər velosiped idmanının sağlamlıq üçün əhəmiyyətindən, regionlarda yaşayan gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyindən danışıblar.
Tədbir zamanı gənclərə əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra ərazidə velosiped dayanacaqları quraşdırılıb.
Yeniyetmə və gənclərə bu idman növünə aid texniki ləvazimatlar paylanılıb və Biləsuvar Rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinə velosipedlər hədiyyə olunub. Yaxın gələcəkdə isə bölgələrdə yerləşən Gənclərin İnkişaf və Karyera Mərkəzlərində veloklubların yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində Qazax, Şəmkir və digər bölgələrdə də analoji tədbirlər təşkil olunacaq.

Xəbər 912 dəfə oxundu.