“Bakı Şəhər Halqası” Akademiyası karyera yarmarkasına ikinci dəfə ev sahibliyi edəcək
“Bakı Şəhər Halqası” (BŞH) Akademiyası Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) ilə birlikdə keçirdiyi karyera yarmarkasına növbəti dəfə - oktyabrın 29-30-da ev sahibliyi edəcək.

Karyera yarmarkasının keçirilməsində əsas məqsəd ölkə gənclərinin şəxsi inkişafına və onların uğurlu karyera qurmasına yaxından dəstək göstərməkdir.
Builki yarmarkada xidmət, neft, qeyri-neft və digər aparıcı sahələrdə fəaliyyət göstərən 30-dan çox şirkət keyfiyyətli kadr axtarışında olacaq. Yarmarkada işaxtaranlara müxtəlif istiqamətlər üzrə ödənişli iş və təcrübə proqramları təklif olunacaq.

Karyera yarmarkasında iştirak etmək istəyənlər əvvəlcədən bu keçidə - https://forms.gle/V5UncjzXDATp5y4e7 - daxil olaraq onlayn qaydada qeydiyyatdan keçməlidirlər. Müraciətçilər yarmarkaya gələrkən öz şəxsiyyət vəsiqəsi ilə yanaşı CV-lərinin bir neçə nüsxəsini də gətirməlidirlər.

Qeyd edək ki, BŞH Akademiyasının ev sahibliyi ilə ötən il ilk dəfə baş tutmuş karyera yarmarkasında Formula 1 yarışlarının çox sayda könüllüsü ölkədə fəaliyyət göstərən qabaqcıl şirkətlərdə işlə təmin olunmuşdu.


Xəbər 749 dəfə oxundu.