Rusiya Okinava Şorin-ryu Karate Federasiyasının prezidenti Azərbaycana gələcək
Beynəlxalq Döyüş Növləri Kollecinin professoru, şorin-ryu və qodzyu-ru karate üzrə 6-cı dan, Beynəlxalq Okinava Şorin-ryu Seibukan Karate Assosiasiyasının nümayəndəsi, Rusiya Okinava Şorin-ryu Karate Federasiyasının prezidenti Anatoliy Mitrofanov oktyabrın 24-də Azərbaycana gələcək.

Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının vitse-prezidenti Abbas Hümbətovun dəvəti ilə ölkəmizə səfər edəcək A.Mitrofanov milli komandamızın üzvləri ilə görüşəcək.

Yığmamızın üzvlərinə seminar keçəcək qonaq şorin-ryu idman növündəki yeniliklər barədə məlumat verəcək və zəngin təcrübəsini azərbaycanlı idmançılarla bölüşəcək.

Seminarın təşkilinin idmançılarımızın peşəkarlıq səviyyəsinin artmasına böyük töhfə verəcəyini diqqətə çatdıran A.Hümbətov Azərbaycan və Rusiya federasiyaları arasında sıx əməkdaşlığın olduğunu deyib.

A.Hümbətov bildirib ki, A.Mitrofanovun Azərbaycana səfəri federasiyamız ilə Beynəlxalq Okinava Şorin-ryu Seibukan Karate Assosiasiyasının birgə təşəbbüsü nəticəsində gerçəkləşəcək. Daha sonra assosiasiyanın rəhbəri Şimomuko Zempo ölkəmizə səfər edəcək. Hər iki səfər Azərbaycanda şorin-ryu karatenin inkişafına xidmət göstərəcək.

Səfər zamanı bəzi istiqamətlər üzrə müzakirələr aparılacaq, Azərbaycan və Rusiya federasiyaları arasında əməkdaşlığın inkişafı barədə mühüm qərarlar qəbul olunacaq.


Xəbər 709 dəfə oxundu.