Balakəndə yüngül atletika üzrə rayon birinciliyi keçirilib
Balakəndə məktəblilər arasında yüngül atletika üzrə rayon birinciliyi Tülü kənd tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. İkinci və üçüncü yerləri isə Meşəşambul və Qazma kənd məktəblərinin komandaları tutublar.

Gənclər və İdman, Təhsil nazirliklərinin, Azərbaycan Milli Olimpiya Komitəsinin və Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə Balakən Olimpiya İdman Kompleksində keçirilən respublika birinciliyinin rayon mərhələsində 28 komandanın tərkibində 168 yeniyetmə idmançı yarışıb.

Komandaların hər birinin tərkibinə üç oğlan və üç qız idmançı daxil edilib. İdmançılar 100 və 200 metr məsafəyə qaçış, 200 metr məsafəyə estafet və tennis topunun uzağa atılması yarışlarında mübarizə aparıblar.

Yarışın qalibi Tülü kənd tam orta məktəbin komandası, eyni zamanda, respublika birinciliyinin İsmayıllı rayonunda keçiriləcək zona mərhələsində iştirak etmək hüququ qazanıb.

Xəbər 690 dəfə oxundu.