Azərbaycan-Moldova oyunu futzalçımız Bolinya üçün əlamətdar olub
Futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Moldova ilə oyununda Azərbaycan yığmasının ilk qolunu vuran Bolinya üçün bu top əlamətdar olub.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, o, millinin heyətində rəsmi turnirlərdə 15-ci qoluna imza atıb. Söhbət dünya və Avropa çempionatlarının seçmə, pley-off və final mərhələlərindəki qollardan gedir.

Millidə 2016-cı ildə dünya çempionatının final mərhələsində debüt edən hücumçu qol hesabını da Kolumbiyadakı mundialda açmışdı. Həmin turnirdə 7 qol vuran Bolinya “Avro 2018”də də eyni sayda uğura sevinib.

Dörd dəfə seçmə, 3 dəfə final mərhələsində fərqlənən oyunçu dünya çempionatının Bakıda keçirilən seçmə oyunlarınadək ümumilikdə 14 qola imza atmışdı. Moldova ilə görüşdəki ilk qolla yubiley – 15-ci topunu vuran Bolinya matçın sonlarında bu rəqəmi 16-ya çatdırıb. Bununla da futzalçı Azərbaycan yığmasının tarixində dünya və Avropa çempionatlarının seçmə, pley-off, final mərhələlərində ən çox qol vuran oyunçuları arasında 3-cü yerə şərik olub. O, Eduardo ilə eyni sayda – 16 qol vurub. Ən çox qola imza atanlar isə Vitali Borisov (26) və Ağatahir Əzimovdur (23).

Xəbər 708 dəfə oxundu.