“Qarabağ” həndbol komandası uğurlu seriyanı davam etdirir
Qadın həndbolçuların Azərbaycan çempionatında üçüncü turun oyunları arxada qalıb.

Mövsümə inamla start verən “Qarabağ” uğurlu seriyanı davam etdirir. İlk turda “İdman Akademiyası” komandasına, ardınca çempion “Azəryol”a qalib gələn “Qarabağ” “Azərsu” ilə görüşdə də azarkeşlərini sevindirib.

Gərgin idman mübarizəsi ilə yadda qalan oyun 29:27 hesabı ilə başa çatıb. Ardıcıl üçüncü qələbəsini qazanan “Qarabağ” turnir cədvəlində liderliyini davam etdirir.

Günün digər qarşılaşmasından isə “Azəryol” qalib ayrılıb. “İdman Akademiyası” komandası çox çalışsa da, ölkə çempionunun böyük hesablı qələbəsinə mane ola bilməyib – 42:25.

Dördüncü turun oyunları noyabrın 6-da keçiriləcək. Həmin gün “Azəryol” komandası “Azərsu”, “Qarabağ” isə “İdman Akademiyası” ilə üz-üzə gələcək.

Oktyabrın 26-da kişi həndbolçuların çempionatında 3-cü turun görüşləri olacaq. “ABU Arena”da keçiriləcək oyunlarda “Məhsul” komandası U-18 kollektivini sınağa çəkəcək. “Təhsil” isə “Bakı” ilə qarşılaşacaq.

AZƏRTAC

Xəbər 1011 dəfə oxundu.